ABŞ-ın İranla bağladığı sazişi qəbul edə bilməyən İsrail tərəfi, Prezident Trampın hər kəsə "xəyanət etdiyini" bildirərək, razılaşmanı sərt şəkildə tənqid edir.
Bu dəfə İsrailin YNet qəzeti "Tramp İsrailə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir" başlıqlı təhlilində ABŞ-ın İran məsələsində "geri çəkildiyi", bunun bütün müttəfiqlərinə və bunun öz nüfuzuna "xəyanət" olduğu bildirilir. Məqalədə, "80 yaşlı uşaq" adlandırılan Trampın "oyuncağına marağını itirdiyi" qeyd edilir.
Bildirilir ki, Trampdan fərqli olaraq, Netanyahu Qəzza, Livan və Suriyadakı həyati əhəmiyyətli mövqelərindən geri çəkilməyəcəyini açıq şəkildə bildirməlidir.
BƏƏ və onunla hərəkət edən ərəb dövlətlərinin İsrail-ABŞ düşərgəsinə qoşularaq risqə getdikləri və indi ortada qaldıqları vurğulanıb. Bu səbəbdən də İbrahim razılaşmalarının artıq xəyal olaraq qalacağı bildirilib.
İsrailli müəllif, süquta görə təkcə Trampın məsuliyyət daşıdığını bildirib. Əlavə edib ki, İsrail bu məğlubiyyəti qəbul etməyəcək və heç bir ərazidən geri çəkilməyəcək. Bunu "Netanyahunun liderliyinin sınağı" adlandıran müəllif, İsrailin tək qalsa belə, öz yoluna davam edəcəyini bildirib.
Tahir TAĞIYEV