ABŞ Senatı ABŞ prezidenti Donald Trampın İrandakı müharibə səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməni qəbul etməyib. Səsverməyə əsasən, 47 senator qətnamənin lehinə, 48 senator isə əleyhinə səs verib. Beləliklə qətnamə layihəsi Konqres tərəfindən yeddinci dəfə rədd edilib. Respublikaçı senatorlar Rand Paul, Bill Cassidy, Lisa Murkowski və Syuzan Kollins qətnaməni dəstəkləsələr də, Demokrat Partiyasının qanunvericisi Con Fetterman buna qarşı çıxıb. İnterfax-ın xəbərinə görə, son aylarda ABŞ prezidentin Konqresin təsdiqi olmadan başqa bir ölkəyə qarşı genişləndirilmiş hərbi əməliyyatlar aparmaq səlahiyyətinin olub-olmadığı barədə fəal şəkildə müzakirələr aparır. Tramp administrasiyası bu işdə heç bir məhdudiyyət olmadığını iddia edir. Lakin Konqresin bir çox üzvü hesab edir ki, bu cür hallarda yalnız icra hakimiyyətindən deyil, həm də qanunvericilik hakimiyyətindən "yaşıl işıq" tələb olunur. 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən, Konqres müharibə elan etmək üçün səs vermədiyi və ya güc tətbiqinə icazə verən qanunvericilik qəbul etmədiyi təqdirdə, prezident 60 gündən sonra hərbi əməliyyatlara son qoymalıdır. Qanun birdəfəlik 30 günlük uzadılmaya icazə verir, lakin bu, yalnız prezident Konqresə yazılı şəkildə Amerika qoşunlarının təhlükəsiz şəkildə geri çəkilməsinin təmin edilməsi üçün əlavə vaxta ehtiyac olduğunu təsdiqlədiyi təqdirdə mümkündür. Maraqlıdır ki, Konqres hələ də İrana qarşı hərbi güc tətbiqini təsdiqləməyib və Ağ Ev belə bir icazə almağı planlaşdırdığını açıq şəkildə bildirməyib.
SAMİRƏ