London və Moskva arasında Ukrayna ilə bağlı başlayan gərginlik rus kəşfiyyatını da hərəkətə keçirib. Britaniya Baş naziri Keir Starmerin əmlaklarını və avtomobilini hədəf alan müəmmalı hücumların arxasından Rusiya kəşfiyyat şəbəkəsi çıxıb. İddialara görə, Moskvada idarə edilən hibrid əməliyyatda kiber şəbəkələr vasitəsilə cəlb edilmiş qatillərdən istifadə olunub.
Keçən il Şimali Londonda Starmerə məxsus iki əmlakın, o cümlədən onun köhnə Toyota RAV4 avtomobilinin yandırılması ilə bağlı araşdırma başa çatıb. İttiham aktına görə, Ukrayna vətəndaşı Roman Lavrinoviç və Ukraynada anadan olmuş Rumıniya vətəndaşı Stanislav Karpiuc Baş nazir Starmerin əmlakına qarşı qəsdən edilən yanğında günahkar bilinirlər. Məhkəmədə təqdim edilən gizli dəlillər və Telegram yazışmaları bu şəxslərin birbaşa Moskvadan idarə olunan geniş təxribat şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərən pullu agentlər olduğunu ortaya qoyur.
İstintaqın ortaya çıxardığı ən diqqət çəkən məqam isə qatillərə pərdə arxasından rəhbərlik edən və telefonlarda “EL” (EL Money) kimi qeyd edilən 23 yaşlı Yevgeni Lyukşinin kimliyi olub.
İnformasiya müharibəsi və kiber dezinformasiya üzrə xüsusi təlim keçmiş yüksək vəzifəli rus diplomatının oğlu olduğu bildirilən Lyukşin, adamlarına əvvəlcə qraffiti və plakat asmaq kimi kiçik tapşırıqlar verib, sonra isə onları qəsdən yandırma da daxil olmaqla daha böyük işlərə cəlb edib. Əldə edilən mesajlarda rus agentinin Baş nazir Starmerin evinə hücum edən Lavrinoviçə "Sən İngiltərədə çox yüksək vəzifəli bir məmurun evinə hücum etdin; sənə şəhəri tərk etmək üçün pul göndərəcəyəm" deyərək 1000 dollar mükafat və növbəti mərhələlərdə Rusiya vətəndaşlığı vəd etdiyi qeyd olunub.
Tahir TAĞIYEV