Ermənistan prokurorluğu Araratda iş adamı və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana məxsus sanatoriyanın müsadirə edilməsini tələb edir. Ermənistan mediası yazırki, müvafiq iddia məhkəməyə təqdim edilib.
Prokurorluğun məlumatına görə, 44,4 milyon dram dəyərində olan Voske Banali (Qızıl Açar) sanatoriyası 2003-cü ildə keçirilən tenderdən sonra cəmi 6,5 milyon dram - minimum qiymətə satılıb.
“Araratcement” şirkəti balansına daxil olan sanatoriyaya iki il ərzində 30.000 dollar investisiya yatırmağı və 30 iş yeri yaratmağı öhdəsinə götürüb. Lakin bu öhdəliklər yerinə yetirilməyib. Bundan əlavə, prokurorluğun məlumatına görə, onların yerinə yetirildiyini təsdiqləyən saxta sənədlər tərtib edilib və nəticədə dövlətə 44,4 milyon dram məbləğində ziyan dəyib.
Qeyd edilir ki, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin rəhbəri öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, müvafiq yoxlama aparmamış və 2004-cü ildə Kadastr Komitəsi ümumi sahəsi 1468,7 kvadratmetr olan sanatoriya binası və qurğularının mülkiyyət hüququnu, eləcə də sahəsi 3165 hektar olan torpaq sahəsinin icarə hüququnu “Araratcement” şirkətinin adına qeydiyyata alıb. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar olaraq prokuror Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə məlumat göndərib. Eyni zamanda, İnzibati Məhkəməyə “Araratcement” şirkətinin sanatoriya əmlakı üzərindəki mülkiyyət hüquqlarının etibarsız hesab edilməsi üçün iddia qaldırılıb.
Onu da qeyd edək ki, baş naziri Paşinyanın seçki kampaniyası zamanı “Araratcement”in özəlləşdirilməsinin ləğvini tələb edib.
Tahir TAĞIYEV