Rusiya prezidenti Putin və Çeçenistan lideri Kadırovu tənqid edən karikaturaları ilə tanınan rusiyalı rəssam Semyon Skrepetski Polşada silahlı hücum nəticəsində öldürülüb.
Polşa mediasının məlumatına görə, 44 yaşlı rəssam Belarus sərhədinə yaxın Biala Podlaska şəhərində yaşayan Rusiya vətəndaşı bazar ertəsi səhəri şəhər mərkəzinə yaxın bir küçədə güllələnib. Media hadisəni mümkün edam tərzində qətl kimi təsvir edib.
Qətli törədən şəxsin hadisə yerindən qaçdığı bildirilir. Polşa xəbər agentliyinin verdiyi məlumata görə, atışmadan qısa müddət sonra Biala Podlaskadakı Belarus konsulluğunun yaxınlığında bir Belarus vətəndaşı saxlanılıb, lakin hakimiyyət orqanları hələlik hər hansı həbsi rəsmi olaraq təsdiqləməyib. Qeyd edilir ki, hücumu birbaşa Rusiya dövlət qurumları ilə əlaqələndirən heç bir dəlil yoxdur. Lakin polis sözçüsü Andjey Fijolek qeyd edir ki, vəziyyət qəsdən törədilmiş qətl hadisəsini göstərir.
2021-ci ildə siyasi təqiblərdən qorxaraq Rusiyanı tərk etdiyi bildirilən Skrepetski, satirik karikaturalarında tez-tez Putini, Kadırovu və Rusiya hökuməti ilə əlaqəli digər şəxsləri hədəfə alıb. Ölümündən bir neçə gün əvvəl isə Berlindəki Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edən sənətçinin əlində körpə Putini əmizdirən Sovet lideri İosif Stalinin təsvir olunduğu bir sənət əsəri olan şəkilləri sosial mediada yayılıb.
Qətl Polşa ilə Rusiya arasında gərginliyin artdığı bir vaxtda baş verib.
Tahir TAĞIYEV