ABŞ və İran arasında davam edən sülh danışıqlarının bir hissəsi olaraq, İrana yenidənqurma üçün 300 milyard dollarlıq fondun ayrılacağı iddiaları Vaşinqton administrasiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.
ABŞ vitse-prezidenti Vens, Tehran administrasiyası sazişin şərtlərinə əməl edəcəyi təqdirdə fonda çıxış əldə edə biləcəyini bildirib: "Öhdəliklərini yerinə yetirmələri şərtilə bu, onların çıxış əldə edə biləcəyi şeylərdən biri ola bilər".
Bundan əvvəl, İranın Mehr Xəbər Agentliyi saziş layihəsinin təfərrüatlarını açıqlayıb. İddialara görə, ABŞ və İran arasında 60 günlük danışıqlar prosesi dondurulmuş İran aktivlərinin 24 milyard dollarının azad edilməsini nəzərdə tutur. Qeyd edilir ki, sözügedən resursun yarısının danışıqlar başlamazdan əvvəl İrana istifadəsinə açılması nəzərdə tutulur.
Dərc olunmuş layihənin ilk maddələrində bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılması şərti yer alır. Bu eyni zamanda Livandakı əməliyyatları da əhatə edir. Layihə mətnində həmçinin ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyini götürəcəyi vurğulanır.
Layihədəki ən diqqət çəkən bəndlərdən biri isə Hörmüz boğazının statusu ilə bağlıdır. Bu bəndə əsasən, Vaşinqton administrasiyası dəniz blokadasını 30 gün ərzində ləğv etməyi və hərbi qüvvələrini İran ətrafından çıxarmağı qəbul edəcək. Eyni müddət ərzində Hörmüz boğazı İran tərəfindən müəyyən ediləcək razılaşmalara əsasən beynəlxalq dəniz nəqliyyatı üçün yenidən açılacaq.
Tahir TAĞIYEV