ABŞ və İran arasında aylarla davam edən gərginliyə son qoyacaq addım dünən atıldı. ABŞ-ın vitse-prezidenti Vens və İran Parlamentinin sədri Məhəmməd Qalibafın anlaşma sazişini rəqəmsal şəkildə imzaladığı açıqlanıb. Bununla iki ölkə arasında müharibəyə son qoymaq və strateji su yollarının yenidən açılmasını hədəfləyən razılaşma rəsmiləşdirilib.
Bir ABŞ rəsmisi bildirib ki, bu həftə texniki müzakirələr başlayacaq.
Sazişin imzalandığını bildirən prezident Tramp isə artıq İranın nüvə silahına çıxışı olmayacağını deyib: “Bu, bizim üçün vacib idi. İndi İranla yaxşı münasibətlərimiz var. Neft düşür, fond bazarı yüksəlir, çox yaxşı şeylər baş verəcək. Hörmüz boğazı cümə günü tam açılacaq. İmzalanma mərasimində şəxsən iştirak edə bilərəm".
Bu kritik hadisədən dərhal sonra İran tərəfindən də diplomatik vaxt qrafiki ilə bağlı açıqlama gəlib. Xarici işlər naziri Abbas Əraqçi iki ölkə arasında yeni mərhələ üçün yol xəritəsini açıqlayıb. Əraqçi ilk üzbəüz görüşün cümə günü baş tutacağını bildirib: "Danışıq qruplarının rəhbərləri, ehtimal ki, gələn cümə günü İsveçrədə görüşəcəklər. Danışıqların ilk mərhələsi anlaşma memorandumu imzalandıqdan sonra baş tutacaq".
Tahir TAĞIYEV