Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən telefon danışığı baş tutub. Tramp G7-də Kiyevi və Avropanı Ukraynadakı müharibəyə son qoymağa inandıracağını bildirib. Kreml isə Kiyevin mülki əhaliyə hücumlarının sülhə mane olduğunu və Zelenskinin Moskvaya gəlməli olduğunu bildirib.
Telefon danışığının təfərrüatlarını paylaşan Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, Putin Trampı 80 illik yubileyi, Tramp isə Putini 12 iyunda qeyd olunan Rusiya Günü münasibətilə təbrik edib.
Uşakov bildirib ki, iki prezident telefon danışığı zamanı beynəlxalq vəziyyəti və Rusiya-Amerika münasibətlərini müzakirə ediblər: "Görüş zamanı ABŞ və İran arasında hazırlanmış memorandumun statusu müzakirə edilib. Tramp İranla razılığa yaxın olduqlarını və danışıqların nəticələrinin bu gün açıqlanacağına ümid etdiklərini bildirib. Tramp razılığa gedən yolun çətin, prosesdə bir çox maneələrin olduğunu, bu maneələrin yalnız İran administrasiyasından qaynaqlanmadığını və nəticədə Amerika müzakirəçilərin Pakistan və Qətərin dəstəyi ilə nəticə verdiyini bildirib".
Uşakov Putin-Tramp görüşündə Ukraynadakı vəziyyətin də müzakirə olunduğunu bildirib:
“Tramp döyüşlərin dayandırılmasının vacibliyini bir daha vurğulayaraq, bu məsələdə Kiyevi və Avropa ölkələrini razı salmağa hazır olduğunu və bunu qarşıdan gələn G7 sammitindəki görüşləri zamanı edəcəyini bildirib. Tramp həmçinin döyüşlərin mümkün qədər tez dayandırılmasının Rusiya-Amerika münasibətlərinin qurulmasına yol açacağını bildirib.
Uşakov bildirib ki, görüş zamanı Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə hücumları da gündəməgəlib: "Bunun məsələnin həllinə maneə olduğu vurğulanıb. Putin Kiyevin hücum cəhdlərinin Ukrayna üçün kritik vəziyyəti dəyişdirməyəcəyini vurğulayıb. Avropalılar və (Ukrayna Prezidenti) Zelenski vəziyyətin tam əksini göstərməyə çalışacaq və münaqişəni uzadacaq ideyalar irəli sürəcək", - deyə o bildirib.
Görüş zamanı Rusiya tərəfinin "Zelenskinin Holokost faciəsini unutmamalı olduğunu" vurğuladığını və bu sözlərin Zelenskiyə çatdırılmasının istəndiyini deyən Uşakov qeyd edib ki, əgər Zelenski Rusiya lideri ilə görüşmək istəyirsə, Moskvaya gəlməlidir.
Tahir TAĞIYEV