Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin respublikanı təşkilatdan çıxarmaqla bağlı hər hansı mümkün qərarını nəzərə alacaq. Bunu Ermənistanın Baş nazir Paşinyan jurnalistlərlə söhbətində bildirib.
"Bilirəm ki, KTMT-dən xaric edilmə mexanizmi var və bu, qüvvədədir. Üzv dövlətlər Ermənistanı xaric etmək qərarına gəlsələr, bu qərarı nəzərə almalıyıq. Başqa heç nə edə bilmərik", - deyə baş nazir bildirib.
Bundan əvvəl, iyunun 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, respublika KTMT-yə üzvlük haqqını ardıcıl ikinci ildir ki, ödəmir, çünki təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmir.
İyunun 10-da vəziyyətlə bağlı şərh verən Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Ermənistan KTMT-nin rəsmi üzvü olaraq qalsa da, eyni zamanda NATO ölkələri ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, birgə hərbi təlimlərdə iştirak edir və ittifaqa üzv dövlətlərdən silah alır.
KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəməzsə, Kollektiv Təhlükəsizlik Şurası kvota vəzifələrinə namizədlər irəli sürmək hüququnu dayandırmaq və borc tam ödənilənə qədər təşkilatın orqanlarında səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul edə bilər.
Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən etibarən KTMT-dəki iştirakını dondurub. Bu il aprelin 23-də isə Paşinyan bəyan edib ki, İrəvan təşkilatın işində aktiv iştirakı bərpa etmək niyyətində deyil.
Tahir TAĞIYEV