Yaxın Şərqdə atəşkəs gözlənilirkən, dünən ABŞ-ın İrana hücumları müharibəni yenidən alovlandırdı. Bildirilir ki, İranın su anbarları da ABŞ-ın hücumlarının hədəfi olub.
"New York Times" qəzeti peyk görüntülərinə istinadən İranın cənubunda bir su anbarında 9 iyunda iki saxlama çəninin olduğu və 10 iyun gecəsi ABŞ-ın hücumundan sonra daha kiçik çənin damının çökdüyü, digərinin isə damının ortasında böyük bir dəliyin açıldığını bildirir. Qəzet yazır ki, peyk görüntüləri su anbarının ABŞ hücumu nəticəsində dağıla biləcəyini göstərir.
İran mediasının daha kiçik çənin damının çökdüyünü göstərən videolar yayımladığı qeyd olunan xəbərdə, mülki infrastrukturun qəsdən hədəfə alınmasının beynəlxalq hüquqa görə müharibə cinayəti hesab edilə biləcəyi vurğulanır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın ölkənin cənubundakı 20 mindən çox insanı su ilə təmin edən obyektlərə hücum etdiyini bildirib və İran su anbarlarına edilən hücumun "İran xalqının can damarlarını hədəf aldığını" vurğulayıb.
"2500 kubmetr tutumlu iki su anbarının dağıdılması və 10 kəndin içməli sudan məhrum edilməsi açıq-aşkar müharibə cinayəti və insan hüquqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" – deyə Bekayi əlavə edib.
Tahir TAĞIYEV