Səudiyyə Ərəbistanının İsrailin Livandakı hücumları ilə bağlı ABŞ-a etiraz notası göndərdiyi bildirilir.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hücumlarından narazılığını diplomatik kanallar vasitəsilə ABŞ prezidenti Donald Tramp administrasiyasına çatdırıb və etiraz notası təqdim edib. Bildirilir ki, Səudiyyə İsrailin Livandakı təcavüzünün xaotik və planlaşdırılmamış olduğuna inanır və İsrailin hücumları idarə etmək üçün aydın bir planı yoxdur.
Ər-Riyad həmçinin İsrail Baş naziri Binyamin Netanyahunun Livandakı hücumları genişləndirmək səylərinin Körfəzdə müharibəni yenidən alovlandırmaq və ABŞ-la İran arasında mümkün razılaşmanı sabotaj etmək məqsədi daşıdığından şübhələnir.
İddia olunur ki, Livandakı daxili vəziyyətin nəzarətdən çıxmasından narahat olan Ər-Riyad son zamanlar Hizbullahın şiə müttəfiqi olan Livan Parlamentinin sədri Nəbih Berri ilə münasibətlərini gücləndirib. İddia edilir ki, Səudiyyə hökuməti Hizbullahın gücünü zəiflətmək və Livan dövlətini gücləndirmək istəyir.
Tahir TAĞIYEV