Ermənistandakı seçkilər müxalifətə görünməmiş təzyiq və Qərbin, xüsusən də Aİ-nin müdaxiləsi şəraitində keçib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiyalı diplomata görə, Ermənistanda hakim partiyaya dəstək əvvəlki seçkilərlə müqayisədə azalıb.
"Respublika Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr göstərir ki, qələbəsini elan edən "Vətəndaş Müqaviləsi" partiyası hakimiyyət üzərində inhisar yarada bilməyib. Bundan əlavə, bu, əvvəlki seçki dövrü ilə müqayisədə onun dəstəyinin əhəmiyyətli dərəcədə azaldığını göstərir" – deyə Zaxarovanın Rusiya XİN0in saytında dərc olunan açıqlamasında bildirilib.
Diplomatın iddiasına görə, Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin inkişafı, Ermənistanın Avrasiya inteqrasiya strukturlarında daha uzun müddət qalması və bunun Ermənistan xalqına əhəmiyyətli dərəcədə maddi fayda gətirməsi üçün açıq bir tələb var.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, Kreml Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanana qədər rəsmi qiymətləndirmə aparmaqdan çəkinir, lakin səsvermə zamanı baş verən qanun pozuntuları barədə məlumatlara diqqət yetirir.
"Ermənistan Mərkəzi Semki Komissiyasının yekun nəticələri hələ açıqlanmadığı üçün bu məsələ ilə bağlı hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm; nəticələri gözləyirik", - deyə o bildirib.
Tahir TAĞIYEV