İsrail və Hizbullah arasında gərginlik artdığı bir vaxtda, ABŞ prezidenti Donald Tramp bölgədəki tarazlığı poza biləcək yeni bir addım atıb. Trampın bu açıqlaması İsrail ordusunun bazar günü Livanın paytaxtı Beyrutun Dahiye rayonunda Hizbullah hədəflərinə qarşı həyata keçirdiyi ağır bombardmanların ardından gəlib.
Məlum olduğu kimi, Tramp bu yaxınlarda İsrail ilə Livan arasında atəşkəs əldə edildiyini açıqlasa da, Hizbullah bu razılaşmanı tanımaqdan imtina etdi və bu da bölgədə münaqişəni yenidən alovlandırdı.
Bölgədə atəşkəs rejiminin pozulmasının ardından bütün diqqətlər İranla mümkün qısamüddətli razılaşmaya yönəlib. Livanın bu razılaşmanın bir hissəsi olmasını tələb etmədiyini bildirən Tramp, Tehran rejiminə sanksiyalarla bağlı barışmaz mövqeyini davam etdirib. Dondurulmuş İran aktivlərinin taleyi ilə bağlı açıq qırmızı xətt çəkən ABŞ prezidenti deyib: "Hər hansı bir razılaşmanın bir hissəsi olaraq aktivlərin dondurulmasını qabaqcadan ləğv etməyəcəyəm və ya sanksiyaları yumşaltmayacağam. Bu addımlar daha sonra, yalnız özlərini yaxşı aparıb yaxşı iş görəcəkləri halda atıla bilər. Məhz o zaman danışmağa başlaya bilərik".
İranın nüvə məsləsinə gəlincə, Tramp deyib ki, əgər indi dostcasına razılığa gəlsək, uranı birlikdə məhv edəcəyik: “Bu, bizim nəzarətimizdə olacaq. İstər hazırda olduğu yerdə olsun, istərsə də başqa yerə köçürülsün, biz onu çıxarıb məhv edəcəyik".
Bu açıqlamalar Vaşinqton administrasiyasının Tehrana qarşı "əvvəlcə etibar et, sonra mükafatlandır" strategiyası yürüdəcəyinin ən açıq göstəricisi kimi şərh olunur.
Digər tərəfdən, Hizbullahın atəşkəsi rədd etməsi və İsrailin Beyrutu bombalamağa davam etməsi, Trampın İranı danışıqlar masasında küncə sıxışdırmaq addımının bölgədə necə qarşılanacağı məsələsində suallar doğurur.
Tahir TAĞIYEV