ABŞ ordusunun Suriyadan tamamilə çıxarılmasından sonra Suriya prezidenti Əhməd Şara Moskva ilə rus hərbi bazaları ilə bağlı razılığa gəlib.
“Wall Street Journal” qəzetinin peyk görüntülərinə istinadən yazır ki, Rusiya Əsəd rejiminin devrilməsinə baxmayaraq, strateji hərbi mövcudluğunu qoruya və Suriyadakı bazalarını saxlaya bilib. Əsəd rejiminin süqutundan sonra Rusiyanın Aralıq dənizi, Afrika və Cənubi Amerikadakı əməliyyatları üçün logistika körpüsü kimi istifadə etdiyi bu strateji bazaları tamamilə itirəcəyini proqnozlaşdıran Vaşinqtondakı bəzi hökumət rəsmiləri Kremlin bölgədən çəkilməyəcəyi xəbərlərindən çox məyus olublar.
ABŞ mediasına görə, bu ilin əvvəlində bazalarını tamamilə tərk edərək on ildən çox müddətdən sonra Suriyadakı hərbi mövcudluğuna son qoyan ABŞ ordusundan fərqli olaraq, Rusiya bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlaya bilib.
Qeyd edək ki, Şara hakimiyyətə gələndən bəri həm Qərb, həm də Moskva ilə balanslı münasibətlər qurmaq yolunu tutub. İllərdir Əsədə və Rusiyanın müdaxiləsinə qarşı mübarizə aparmasına baxmayaraq, Şara bazaların taleyi ilə bağlı Moskva ilə danışıqları davam etdirib.
ABŞ mətbuatına danışan rəsmilər bildiriblər ki, Rusiya yeni Suriya hökumətini razı salmaq üçün həm mükafatlandırma, həm də cəza metodlarından istifadə edib, lakin əsasən iqtisadi dəstəyə diqqət yetirib. Moskva müharibə və sanksiyalar nəticəsində sarsılan Suriya iqtisadiyyatına dəstək üçün sərfəli qiymətlərlə buğda və neft satıb. Bundan əlavə, Rusiya Tramp administrasiyası dövründə ABŞ-ın dəstəyinin qeyri-müəyyən olduğu bir kontekstdə yeni Suriya hökuməti üçün Vaşinqtona qarşı potensial əks təzyiq və qoruyucu qalxan rolunu oynayır".
Hazırda yüzlərlə Rusiya hərbçisinin Suriyadakı bazalarda aktiv şəkildə xidmət etdiyi və son vaxtlar yeni hərbi qüvvə göndərilməsilə Kremlin bölgədəki hərbi nəzarətini daha da dərinləşdirdiyi bildirilir.
Tahir TAĞIYEV