Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan müəyyən kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. Qadağa Ermənistanda istehsal olunan və ya göndərilən nar, badımcan, kartof və quru meyvələrə şamil edilir. Bu tədbirlər, həmçinin bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi Birliyinin (AAİB) digər ölkələrinə tranzit daşınmasına da şamil edilir.
Qadağa bu gündən qüvvəyə minib.
Agentliyin rəsmi açıqlamasına görə, bu cür addımların səbəbi təyinat ölkələrində karantin məhsullarının faktiki olaraq qəbul edilməsini təsdiqləmək üçün effektiv mexanizmlərin olmamasıdır. “Rosselxoznadzor” mövcud sistemin malların düzgün izlənməsinə imkan verməməsindən və bunun fitosanitar təhlükəsizlik üçün risklər yaratmasından narahatlığını bildirib.
Məhdudiyyətlər, təchizatların etibarlı nəzarətini və təhlükəsizliyini təmin edə biləcək müvafiq bir alqoritm hazırlanıb tətbiq olunana qədər qüvvədə qalacaq. Rusiya tərəfi mövcud vəziyyətin Ermənistan İqtisadiyyat Nazirliyinin nəzarət sistemində ciddi problemlərin, eləcə də kənd təsərrüfatı istehsalı sahəsində tənzimləmənin kifayət qədər effektiv olmamasının göstəricisi olduğunu vurğulayıb.
Bu qərar Ermənistan ixracatçıları və ölkənin kənd təsərrüfatı sektoru üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər, çünki Rusiya Ermənistan kənd təsərrüfatı məhsulları üçün əsas bazarlardan biridir.
Tahir TAĞIYEV