İranın yarı-rəsmi “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, İran ABŞ-la danışıqları dayandırıb. Bildirilir ki, İran İsrailin Livana davam edən hücumları səbəbindən vasitəçilər üzərindən ABŞ-la mesaj alış-verişini dayandırıb. Tehran danışıqların bərpası üçün İsrailin Livana hücumlarını dayandırması və işğal olunmuş ərazilərdən geri çəkilməsini şərt kimi irəli sürüb.
İranın həmçinin Hörmüz boğazını tamamilə bağlamağı və Bab əl-Məndəb boğazı da daxil olmaqla digər cəbhələri aktivləşdirməyi nəzərdən keçirdiyi bildirilir.
Bu arada, İsrailin Livana hücumundan sonra ABŞ-la danışıqları dayandırmaq qərarına gələn İran, Təl-Əvivə açıq şəkildə xəbərdarlıq edib.
İran İnqilab Keşikçiləri Korpusunun döyüş əməliyyatlarını aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandiri general-mayor Əli Abdullahi, İsrailin Beyrutun Dahiyyə rayonunu hədəf alacağı təqdirdə İranın şimali İsraili hədəf alacağını açıqlayıb. “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, Abdullahi İsrailin şimalında yaşayanlar üçün təxliyə xəbərdarlığı edib.
İsrail Beyrutun Dahiye rayonunu hədəf alsa, İranın da İsrailin şimalını və hərbi obyektlərini hədəf alacağını deyən Abdullahi, bölgə sakinlərini zərər görməmək üçün İsrailin şimalını tərk etməyə çağırıb.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu bu səhər orduya Beyrutun Dahiye rayonuna hava hücumları etmək əmri verib. Ardınca İsrail ordusu Dahiye rayonunun sakinlərindən evlərini tərk etmələrini istəyib.
Tahir TAĞIYEV