Şənbə günü ABŞ-ın Massaçusets bölgəsinin şərqində mənbəyi hələ də məlum olmayan güclü partlayış səsi eşidilib. Evləri belə silkələyən partlayışdan sonra sakinləri küçələrə çıxıb.
Boston da daxil olmaqla bir çox şəhərdə hiss olunan silkələnmədən sonra yaranan panikaya görə polis və yanğınsöndürmə briqadaları səfərbər edilib. Hakimiyyət orqanları ilkin araşdırmaların heç bir ölüm, yaralanma və ya əhəmiyyətli maddi ziyan aşkar etmədiyini bildirib.
NBC10 meteoroloqu Pamela Qardner peyk məlumatlarında ildırım izi olmadığını, ABŞ Geoloji Tədqiqatının (USGS) qeydlərində də zəlzələ olmadığını bildirib. Qardner səsin atmosferə daxil olan bir meteorun yaratdığı "səs bumu" ola biləcəyini irəli sürüb.
Geniş bir ərazidə hiss edilən və qısa müddətli çaxnaşmaya səbəb olan sirli partlayış səsinin mənbəyi ilə bağlı araşdırmalar davam edir.
Tahir TAĞIYEV