İran tərəfindən ABŞ pilotsuz təyyarəsinin vurulmasından sonra Yaxın Şərqdə gərginlik yenidən artıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana hücum edib, İran isə ABŞ-ın hücumuna Küveyti vuraraq cavab verib.
CENTCOM bildirib ki, həftəsonu İranın Goruk və Qeşm adalarında olan pilotsuz təyyarə radarlarına və idarəetmə mərkəzlərinə hücumlar həyata keçirilib.
Hücumların ABŞ-ın MQ-1 pilotsuz təyyarəsinin "beynəlxalq sular üzərində uçarkən" İran tərəfindən vurulmasına görə həyata keçirildiyi bildirilir: "ABŞ döyüş təyyarələri dərhal reaksiya verərək, İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və regional sulardan keçən gəmilər üçün açıq təhlükə yaradan iki dronu zərərsizləşdirdi”.
Açıqlamada, İrana edilən hücumlarda ABŞ qüvvələrinin itki vermədiyi qeyd olunub.
İranın cavab tədbirləri də özünü çox gözlətməyib. İnqilab Keşikçiləri Korpusu hücumlara cavab olaraq Küveytdəki ABŞ bazasını hədəfə alıb.
İranın hücumunu Küveyt də rəsmən təsdiqləyib. Küveyt ordusunun X-də yaydığı açıqlamada hava hücumundan müdafiə sistemlərinin dron və raket hücumlarının qarşısını almağa çalışdığı bildirilib. Açıqlamada ölkədə eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını alması ilə əlaqəli olduğu bildirilib və vətəndaşlar təhlükəsizlik təlimatlarına əməl etməyə çağırılıb.
Tahir TAĞIYEV