Rusiya 30 may tarixindən etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidmətinin (“Rosselxoznadzor”) açıqlamasında bildirilir.
Qeyd edilir ki, məhdudiyyətlər Ermənistan mənşəli və bu ölkədən göndərilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərin idxalına şamil ediləcək. Agentlik qeyd edib ki, müvəqqəti məhdudiyyət qərarı Ermənistan məhsullarının idxalında artan pozuntuların sayı və Rusiyada fitosanitariya təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul edilib.
Açıqlamada həmçinin Ermənistanın müvafiq orqanlarının əvvəllər aşkar edilmiş pozuntularla bağlı kifayət qədər tədbir görmədiyi bildirilir.
Mayın 15-də “Rosselxoznadzor”un Rusiyaya məhsul göndərişi dayandırılmış şirkətlər də daxil olmaqla bir sıra Ermənistan müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğu açıqlanıb. Bildirilirdi ki, buna səbəb, Avropa mənşəli saxta balıq məhsullarının idxalı ilə bağlı şübhələrdir. Mayın 21-də isə Ermənistan tərəfi Rusiya nümayəndə heyətinin müəssisələrdə yoxlamalara başladığını bildirib.
Tahir TAĞIYEV