ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Küveytə ballistik raket və pilotsuz təyyarələrlə hücumlar edərək atəşkəsi pozduğunu iddia edib. Digər tərəfdən CENTCOM İranın Bəndər Abbas şəhərinə hava hücumu həyata keçirdiyini də təsdiqləyib.
"İran Küveytə doğru ballistik raket atıb və bu raket Küveyt qüvvələri tərəfindən uğurla vurulub. İran rejiminin bu ciddi atəşkəs pozuntusu İran qüvvələrinin Hörmüz boğazı və ətrafında açıq-aşkar təhlükə yaradan beş pilotsuz təyyarə hücumundan bir neçə saat sonra baş verib" - deyə Mərkəzi Komandanlıq bildirib.
Açıqlamada bütün dronların ABŞ qüvvələri tərəfindən qarşısının alındığı bildirilir: "ABŞ qüvvələri həmçinin Bəndər Abbasdakı İranın bir idarəetmə mərkəzindən altıncı dronun buraxılmasının qarşısını alıb".
İran dövlət televiziyası bu gün səhər tezdən İranın cənubundakı Bəndər Abbasın şərqində üç partlayışın baş verdiyi barədə xəbər yayıb. ABŞ ordusu isə bölgədəki ABŞ qüvvələri və dəniz nəqliyyatı üçün təhlükə yaratdığı iddiası ilə İranın cənubundakı hərbi əraziyə hava hücumu təşkil etdiyini açıqlayıb.
Hücumun ardından İran İnqilab Keşikçiləri Korpusu Bəndər Abbasdakı hücuma cavab olaraq bölgədəki ABŞ hərbi hava bazasını hədəf aldığını bəyan edib. Eyni vaxtda Küveyt raket və pilotsuz təyyarə hücumlarına məruz qaldığını açıqlayıb.
Tahir TAĞIYEV