ABŞ və İran arasında birbaşa hərbi qarşıdurmaya baxmayaraq, danışıqlar davam edir. “The Wall Street Journal” qəzetinin Dubay, London və Vaşinqtondakı kəşfiyyat və diplomatik mənbələrə istinadən məlumatına görə, ağır iqtisadi böhran və daxili təzyiqlərlə üzləşən Tehran administrasiyası diqqətini iki əsas məsələyə yönəldib və danışıqlar masasında qalmağı seçib.
İran rəsmiləri Tehranın əsas strategiyasını "Donald Trampın daxili siyasətdə qələbəsini elan etməsinə yol açacaq böyük nüvə güzəştlərinə getmədən ölkənin çökən iqtisadiyyatını rahatladacaq maliyyə resurslarına çıxış" kimi təsvir ediblər.
Məlumata görə, ABŞ-ın raket buraxılış məntəqələrini bombalaması nəticəsində hərbi itkilərə məruz qalan Tehran, dondurulmuş 24 milyard dollarlıq vəsaitin buraxılışını sabotaj etməmək üçün səssiz qalıb və qisas tədbirlərini təxirə salıb.
Bazar ertəsi gecəsi ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına mina qoyduğunu iddia etdiyi İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürət gəmilərinə zərbə endirib. İran ordusu buna ABŞ təyyarələrinə atəş açaraq cavab verdikdən sonra ABŞ Hərbi Hava Qüvvələri İran ərazisindəki raket buraxılış məntəqələrini bombalayıb. İslam İnqilab Keşikçiləri Korpusu toqquşmalarda bir neçə itki versə də, Tehran hökuməti danışıqları təhlükə altına almamaq üçün bu itkiləri ictimaiyyətə açıqlamağı təxirə salıb.
Tehranın baş danışıqçısı Məhəmməd Bağır Qalibaf hücumdan dərhal sonra çərşənbə axşamı Qətərin paytaxtı Dohada dondurulmuş vəsaitlər və boğazın yenidən açılması ilə bağlı danışıqları davam etdirib.
Vasitəçilər iddia edirlər ki, tərəflər İranın xaricdə dondurulmuş ümumi 100 milyard dollarlıq ehtiyatının dörddə biri olan 24 milyard dolların azad edilməsi barədə razılığa gəlməyə çox yaxındırlar. Razılıq əldə olunarsa, ilkin mərhələlərdə 12 milyard dollar Tehrana veriləcək və İran dünya neft bazarlarına çıxışını bərpa edəcək.
Danışıqlarda ən böyük çıxılmaz vəziyyət olan nüvə proqramına gəldikdə isə, Trampın geri çəkildiyi iddia edilir. Həftə sonu yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının birbaşa ABŞ-a təhvil verilməsini tələb edən Tramp, Truth Social hesabında yeni bir açıqlama verərək, uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında "yerində və ya başqa bir məqbul ölkədə" məhv edilə biləcəyini bildirib.
ABŞ mediası bunu "Tramp Tehranın qırmızı xətlərinə yaxın bir formulu qəbul etməsi" kimi təqdim edib.
Tahir TAĞIYEV