İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxsa, Ermənistan üçün Rusiya enerjisinin güzəştli qiymətləri bazar rejiminə keçə bilər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O, Rusiyanın, xüsusən də müttəfiqləri və tərəfdaşları üçün etibarlı enerji təchizatçısı olaraq qaldığını deyib.
Peskov vurğulayıb ki, belə bir rejim digər inteqrasiya birliklərinin üzvləri, xüsusən də enerji bazar qiymətlərinin qüvvədə olduğu Avropa İttifaqı üçün mümkün deyil.
Kremlin sözçüsü xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər ölkənin Aİİ-də üzvlüyünü qoruyub saxlayacağını və eyni zamanda Avropa ilə münasibətləri inkişaf etdirəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistanın gələcək inteqrasiya yolu ilə bağlı son qərarı Ermənistan xalqı referendumda verəcək.
Peskov bildirib ki, Moskva Ermənistanın Astanada keçiriləcək qarşıdan gələn Aİİ tədbirlərində iştirakını gözləyir, baxmayaraq ki, bu ölkənin Baş nazirinin daxili siyasi səbəblərdən iştirak etməməsi ehtimalı var.
Rusiya Prezidentinin sözçüsü, həmçinin Rusiya və Ermənistanın dost olaraq qaldığını və davamlı dialoq apardığını vurğulayıb. O, Ermənistanda Rusiya ilə əməkdaşlığın daha da dərinləşdirilməsini müdafiə edən siyasi qüvvələrin mövcudluğunu qeyd edərək bildirib: “Biz Ermənistanla ən inkişaf etmiş inteqrasiya proseslərindən birindəyik”.
ZÜMRÜD