Avropa Birliyinin üzvü olan Çexiya Prezidenti Petr Pavel, NATO-nun şərq cinahında baş verənlərə cavab olaraq Rusiyaya "dişlərini göstərməlidir". “The Guardian” qəzetinə danışan Pavel Rusiyanı danışıqlara məcbur etmək üçün bu ölkənin internetə çıxışını kəsməyi təklif edib.
Pavel bildirib ki, NATO "kifayət qədər qətiyyətli, hətta asimmetrik" addımlar atmalıdır: "Əks halda, Moskva təzyiqini artıra bilər".
O, hava məkanının pozulması davam edərsə, NATO-nun pilotsuz və ya pilotlu təyyarələri vurmaq məcburiyyətində qala biləcəyini bildirib.
Çexiya lideri qeyd edib ki, NATO "insan itkisinə səbəb olmayan, lakin Rusiyanı siyasətini yenidən nəzərdən keçirməyə məcbur edəcək qədər təsirli" asimmetrik tədbirləri nəzərdən keçirməlidir. Onun sözlərinə görə, mümkün addımlara internet və peyk əlaqələrini kəsmək və bankları qlobal maliyyə sistemlərindən çıxarmaq daxildir.
Pavel bildirib ki, bu cür tədbirlərin məqsədi Rusiyanı danışıqlara məcbur etməkdir. O qeyd edib ki, Rusiya sanksiyaların qaldırılmasında və Avropa təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılmasında maraqlıdır: "Biz buna hazırıq. Lakin şərtlər aydındır: Ukraynada atəşkəs və sülh danışıqları".
Tahir TAĞIYEV