İsrailin İrana hücumlara başladığı ilk dövrlərdə ev dustaqlığında olan keçmiş prezident Mahmud Əhmədinejadı xilas etmək üçün xüsusi əməliyyat keçirdiyi və onu yenidən hakimiyyətə gətirmək istədiyi iddia edilir.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral 2026-cı ildə İrana qarşı başladığı hücumun ilk günlərində bir neçə yüksək vəzifəli İran rəsmisi öldürülüb. Bu hücumdan bir neçə gün sonra ABŞ prezidenti Tramp "İran hökumətini daxildən kimsə ələ keçirməlidir" demişdi. "The New York Times" nəşri Amerika rəsmilərinə istinadən iddia edir ki, ABŞ və İsrailin nəzərdə tutduğu lider keçmiş İran prezidenti Əhmədinejad olub.
İddialara görə, İsrail tərəfindən hazırlanmış bu plan Əhmədinejadın razılığını aldıqdan sonra həyata keçirilib. Plana əsasən, Əhmədinejad ev dustaqlığından azad edilərək hakimiyyətə gətiriləcəkdi. Lakin işlər planlaşdırıldığı kimi getməyib. Əhmədinejadın xilasetmə əməliyyatı zamanı yaralandığı, əməliyyat zamanı məyus olduğu və rejim dəyişikliyi planından imtina etdiyi bildirilir. O gündən bəri Əhmədinejad ictimaiyyət arasında görünmür və harada olduğu da məlum deyil.
Xəbərdə əməliyyatın əslində "həbsxanadan qaçış" əməliyyatı olduğu bildirilir. Lakin Əhmədinejadın hakimiyyətə necə gətiriləcəyi və onu yaralayan xilasetmə əməliyyatı ilə bağlı təfərrüatlar məlum deyil.
Əhmədinejadın bu plana necə qarışdığı məlum deyil. 2005-2013-cü illərdə prezidentlik etdiyi dövrdə o, "İsraili xəritədən silmək" çağırışları ilə tanınırdı və İsrail tərəfindən ciddi nəzarət altında olub. Bildirilir ki, bu təşəbbüs İranda teokratik hökuməti devirmək üçün çoxmərhələli planın bir hissəsi olub. Lakin bunun riskli olduğu və ABŞ rəsmiləri arasında bunun mümkünlüyünə şübhə ilə yanaşdığı bildirilir.
ABŞ və İsrailin İranı idarə etmək üçün ABŞ ilə əməkdaşlıq etməyə hazır olan praqmatik bir lider istədiyi bildirilir. Bu kontekstdə Əhmədinejad yeni İran hökumətinin potensial lideri kimi qəbul edilib.
"Əhmədinejad yaxın gələcəkdə İranda çox mühüm rol oynaya bilər və ABŞ onu Amerika qüvvələri Maduronu ələ keçirdikdən sonra Venesuelada hakimiyyətə gələn və o vaxtdan bəri Tramp administrasiyası ilə sıx əməkdaşlıq edən Delsi Rodrigezlə müqayisə edir" – deyə mənbə bildirib.
Tahir TAĞIYEV