Litva ordusu "hava təhdidi" xəbərdarlığı edərək ictimaiyyəti sığınacaqlara getməyə çağırıb. Həyəcan siqnalının ardından Litva prezidenti Qitanas Nauseda və baş nazir İnqa Ruqiniene sığınacağa aparılıb, parlament təxliyə edilib.
Bildirilir ki, Baltikyanı ölkə olan Litvanın Belarus sərhədinə yaxın ərazilərində pilotsuz təyyarə ilə bağlı xəbərdarlıq edilib. Litva Müdafiə Nazirliyinin açıqlamasında, sərhəd yaxınlığında Belarusdan gəldiyi düşünülən pilotsuz təyyarənin aşkarlanmasından sonra ölkənin bəzi yerlərində "hava təhdidi" xəbərdarlığı edilib və NATO-nun Baltik Hava Polisi missiyasının işə salındığı bildirilib. Litva müdafiə naziri Robertas Kaunas hərbi təyyarələrin təhlükəni zərərsizləşdirməyə çalışdığını deyib: "NATO Hava Polisi missiyası işə salınıb və Litva hava məkanında aşkar edilmiş pilotsuz təyyarəyə müdaxilə edilir”.
Ordu dərhal paytaxt Vilnüsdəki əhalini sığınacaqlara getməyə çağırıb: "Dərhal sığınacağa və təhlükəsiz yerə gedin, yaxınlarınıza kömək edin"
Vilnüs hava limanı üzərindəki hava məkanı da bağlanıb. Baltik Xəbər Xidmətinin (BNS) məlumatına görə, prezident Qitanas Nauseda və baş nazir İnqa Ruqiniene sığınacağa aparılıb, parlament təxliyə edilib.
Bildirilir ki, bu, Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı hücumundan bəri Avropa Birliyi və NATO üzvü olan ölkənin paytaxtında sakinləri və siyasi liderləri sığınacaqlara getməyə çağıran ilk böyük həyəcan siqnalıdır. Litva şərqdə Rusiyanın müttəfiqi olan Belarusla, qərbdə isə Rusiyanın Kalininqrad muxtar vilayəti ilə həmsərhəddir.
Tahir TAĞIYEV