Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ən azı 131 nəfər ölüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 513 nəfərin xəstəliyə yoluxduğu ehtimal edilir. Bir gün əvvəl təxminən 80 ölüm və 300 yoluxma halı barədə məlumat verilib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü xəstəliyin ilkin təxmin ediləndən daha sürətli yayıla biləcəyi barədə xəbərdarlıq edib.
ÜST-dən Dr. Anna Ancia BBC-yə bildirib ki, agentlik epidemiyanın yayılmasını nə qədər çox araşdırsa, yoluxma hallarının digər ərazilərə də yayıldığı bir o qədər aydın olur. "Bu epidemiyanın yayılmasını nə qədər çox araşdırsaq, onun artıq, ən azı müəyyən dərəcədə, sərhədlərdən və digər əyalətlərə yayıldığını bir o qədər çox anlayırıq", - deyə o bildirib.
Londonda yerləşən MRC Qlobal Yoluxucu Xəstəliklərin Təhlili Mərkəzi tərəfindən aparılan və bazar ertəsi günü dərc edilən araşdırmada yoluxma hallarının sayının "əhəmiyyətli dərəcədə" az qiymətləndirildiyi ehtima edilib və sayın artıq 1000-i keçdiyi istisna edilmir.
Tədqiqat epidemiyanın "hazırda güman edildiyindən daha böyük" olduğunu və "əsl miqyasının qeyri-müəyyən qaldığını" bildirib. Üstəlik, epidemiyanın 24 apreldə ilk dəfə aşkarlanmasından bir neçə həftə öncə başladığı barədə narahatlıqlar var.
Ən təhlükəli məqam odur ki, Ebola virusu ştammı üçün peyvənd yoxdur, lakin ÜST virusdan qorunmaq üçün digər dərmanların istifadəsini araşdırır.
SAMİRƏ