ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Böyük Xalq Yığıncaqları Zalının girişində nümayəndə heyətinin üzvü olan ABŞ Maliyyə Naziri Skott Bessent ilə Çin təhlükəsizlik rəsmiləri arasında akkreditasiya gərginliyi yaşandığı ortaya çıxıb.
Prezident Trampın şərəfinə Xalq Yığıncaqları Zalında keçirilən dövlət ziyafətindən əvvəl, Bessent girişdəki Çin təhlükəsizlik baryerindən keçə bilməyib. Çin təhlükəsizlik işçiləri Bessenti saxlayaraq, onun yaxasında rəsmi giriş icazəsi və ya akkreditasiya nişanının olmadığını bildiriblər. Bundan sonra amerikalılarla Çin dövlət təhlükəsizlik işçiləri arasında qısa bir mübahisə yaranıb.
Qısa mübahisədən sonra arxadan gələn amerikalı köməkçilər lazımi giriş sənədlərini Bessentə təqdim edib və bundan sonra Çin rəsmiləri nazirin binaya daxil olmasına icazə veriblər.
Pekindəki protokol gərginliyi tək maliyyə naziri ilə məhdudlaşmır. Elə həmin gün səhər saatlarında Məbəd Dağının dini kompleksinə girməyə cəhd edən və üzərində silah daşıyan ABŞ Gizli Xidmət agenti Çin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Ağ Ev müxbirlərinin məlumatına görə, Tramp və Çin prezidenti Si Cinpinin görüşəcəyi əraziyə giriş, hər iki ölkənin silahlı təhlükəsizlik qrupları geri addım atmaqdan imtina etdikləri üçün təxminən yarım saat tamamilə bağlı qalıb. Uzun bir gərginliyin ardından hər iki ölkənin protokol rəsmilərinin müdaxiləsi sayəsində tərəflər arasında kompromis əldə edilib.
Aprel ayında planlaşdırılan, lakin Vaşinqtonla Tehran arasındakı hərbi gərginlik səbəbindən təxirə salınan Pekinə iki günlük səfər diplomatik mübahisələrlə də yadda qalıb. “Time” jurnalının məlumatına görə, qapalı görüşlərdə Çin lideri ABŞ-ın Tayvana silah satışını sərt tənqid edərək, bunun iki supergücü "münaqişəyə və hətta müharibəyə" sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.
Tramp isə geri qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə, Tayvana 14 milyard dollarlıq silah göndərişini "danışıqlar üçün kozır" kimi əlində saxladığını deyərək, gərginliyi azaltmağa çalışıb.
Tahir TAĞIYEV