Parisdəki istintaq hakimi 2 oktyabr 2018-ci ildə İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda törədilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının qətlini araşdıracaq. Bu qərar Paris Apelyasiya Məhkəməsinin 11 may tarixli qərarından sonra qəbul edilib. Qeyd edək ki, bu günlərdə qətlin sifarişçisi olduğu güman edilən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana qarşı insan haqları təşkilatları tərəfindən qaldırılan iddianın qəbul edilməsi barədə qərar qəbul edilib. Bu barədə AFP xəbər agentliyi şənbə günü, 16 may tarixində məlumat verib.
Bu, Qaşıqçının əməkdaşlıq etdiyi Amerika təşkilatı olan "Ərəb Dünyası Müasir Demokratiyası" (DAWN) və İsveçrənin insan haqları təşkilatı Trial International tərəfindən bin Salmanın Parisə səfəri zamanı 2022-ci ilin iyul ayında verilən apelyasiya şikayətinə aiddir. Daha sonra onlara Sərhədsiz Reportyorlar (RSF) da qoşulub.
İstintaq işgəncə və məcburi yoxa çıxma iddialarını araşdıracaq. Reuters bildirir ki, Fransa qanunvericiliyi hakimlərə xaricdə törədilmiş müəyyən ağır cinayətlərlə bağlı istintaq açmağa icazə verir, lakin cinayət işlərinin açılması üçün şübhəlinin ümumiyyətlə ölkədə olması lazımdır. Associated Press isə qeyd edir ki, istintaqın başlanması bin Salmanın ittiham olunduğu anlamına gəlmir. İstintaq hakimi yalnız insan haqları fəallarının şikayətinin sonrakı məhkəmə prosesləri üçün əsas ola biləcəyini nəzərdən keçirəcək.
Əslində hələ o zaman, jurnalistin yoxa çıxmasından dərhal sonra Türkiyə Səudiyyə Ərəbistanı jurnalistinin mümkün qətlini araşdırmağa başladı. Lakin 2022-ci ildə yerli məhkəmə 26 Səudiyyə şübhəlisinə qarşı məhkəmə prosesini dayandırdı və işi Ər-Riyada göndərdi.
Bundan əlavə, 2021-ci ilin fevral ayında ABŞ kəşfiyyatı bin Salmanın Qaşıqçının "tutulması və ya öldürülməsi" planını şəxsən təsdiqlədiyini bildirdi. Lakin vəliəhd şahzadə 2022-ci ilin sentyabrında baş nazir təyin edildikdən sonra, ovaxtkı ABŞ prezidenti Co Baydenin administrasiyası ona toxunulmazlıq verdi. Nəticədə, federal məhkəmə jurnalistin nişanlısı Hatice Cengiz tərəfindən qaldırılan iddianı rədd etdi. Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci ilin oktyabr ayında İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda Ər-Riyaddan gələn xüsusi təyinatlılar tərəfindən vəhşicəsinə öldürülüb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hadisəyə görə məsuliyyəti öz üzərinə götürdü, lakin jurnalistin qətlini əmr etdiyini inkar etdi. SAMİRƏ