ABŞ prezidenti Donald Trampın 8,5 ildən sonra Çinə ilk rəsmi səfərinin arxasındakı təhlükəsizlik paranoyası üzə çıxıb. ABŞ mətbuatında yer alan məlumatlara görə, ABŞ nümayəndə heyəti Pekindəki diplomatik danışıqlardan qayıtdıqdan sonra görünməmiş bir təhlükəsizlik protokolu tətbiq edib.
Çin prezidenti Si Cinpinlə ticarət, Tayvan və regional təhlükəsizlik kimi vacib mövzuların müzakirə edildiyi danışıqlardan sonra əsl böhran Air Force One təyyarəsinə minməzdən bir az əvvəl baş verib. ABŞ mediası kiber casusluqdan narahat olan Trampın nümayəndə heyətinə ciddi şəkildə təlimat verdiyini bildirib: "Çindən təyyarəyə heç nə keçirilməyəcək. Çin tərəfindən verilən bütün hədiyyələr, suvenirlər, yaxa sancaqları və akkreditasiya nişanları hava limanındakı zibil qutularına atılacaq".
İki ölkə arasında yüksək gərginlikli münasibətlər və kibertəhlükəsizlik narahatlıqları ilə kölgədə qalan səfərdə texnoloji təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Nümayəndə heyətinin üzvlərinin Çinə girməzdən əvvəl bütün şəxsi telefonlarını, planşetlərini və noutbuklarını ABŞ-da qoyduqları, heç kimin üstündə bu cür cihazlar daşımadığı məlum olub. Səfər zamanı yalnız ABŞ kibertəhlükəsizlik agentlikləri tərəfindən xüsusi olaraq hazırlanmış, məhdud girişli müvəqqəti, təmiz telefonlardan istifadə edilib.
Diplomatik təmaslar zamanı rəqəmsal sızmaların qarşısını almaq üçün ünsiyyətin əsasən çap olunmuş sənədlər vasitəsilə aparıldığı qeyd edilir. ABŞ kəşfiyyatının qələm, şarj cihazı və ya elektron aksesuarlar kimi hədiyyələrə dinləmə cihazlarının və ya məlumat sızdıran mikroçiplərin yerləşdirilməsi ehtimalına qarşı həyəcan vəziyyətində olduğu vurğulanır.
İstifadə edilən müvəqqəti cihazların taleyi təhlükəsizlik protokolunun nə qədər ciddi olduğunu ortaya qoyur. Rəsmilər bildiriblər ki, bu cihazlar ABŞ-a qaytarıldıqdan sonra yoxlanılmaq yox, birbaşa məhv edilmək üçün toplanıb.
Uzun illərdən sonra baş tutan bu yüksək səviyyəli təmasa baxmayaraq, hədiyyə böhranı və görülən fövqəladə kibertəhlükəsizlik tədbirlərinin Vaşinqton və Pekin arasındakı dərin etimadsızlığı bir daha təsdiqləyir. Davam edən ticarət müharibələri və texnoloji rəqabət fonunda baş verən bu hadisə, qlobal diplomatiyanın hazırda tamamilə təhlükəsizlik narahatlıqlarının kölgəsidə aparıldığının ən bariz sübutudur.
Tahir TAĞIYEV