Almaniya ilə ABŞ arasında ötən ay yaranan gərginlik davam edərkən, dünən iki ölkə arasındakı münasibətlərin yumşaldılmasına kömək edən telefon danışığı baş tutub.
Kansler Merts Trampla telefon danışığının yaxşı keçdiyini deyib: "Biz həmfikirik, İran indi danışıqlar masasına oturmalıdır. Hörmüz boğazı açılmalıdır. Tehranın nüvə silahına sahib olmasına icazə verilməməlidir".
Merts, həmçinin Ukraynanı, Ankarada keçiriləcək NATO Zirvəsini müzakirə etdiklərini bildirib.
Görüşdən sonra Almaniyanın Vürzburq şəhərində keçirilən "104-cü Katolik Günü"ndə çıxış edən Merts, diqqətəlayiq açıqlamalar verib. Mertsin çıxışında bir məqam isə xüsusi diqqət çəkir: "Bu gün uşaqlarıma təhsil və ya iş üçün ABŞ-a getməyi məsləhət görmürəm".
Merts ABŞ-da fərqli bir sosial mühitin yarandığını qeyd edib. "Bu gün ABŞ-da hətta ən yüksək təhsilli insanlar belə iş tapmaqda böyük çətinlik çəkirlər" – deyən Merts ABŞ-da təhsil almaq və ya işləmək istəyən gənclərə, bu barədə iki dəfə düşünməyi məsləhət görüb.
Tahir TAĞIYEV