İranın Hark adası sahillərində böyük bir neft sızması aşkarlanıb. Sızan neftin sürətlə Qətər və Birləşmiş Ərəb Əmirliklərinə doğru irəlilədiyi barədə xəbərdarlıq edilib.
Londonda yerləşən kəşfiyyat şirkəti “Windward” bildirib ki, sızma ilk dəfə mayın 5-də İranın əsas neft ixrac terminalı olan Xark adasından təxminən 1,27 kilometr qərbdə aşkar edilib. “Windward” rəsmiləri əlavə ediblər ki, sızıntı 20 saat ərzində aparılan üç ayrı peyk müşahidəsi ilə təsdiqlənib.
Avropa Birliyinin Yer müşahidə proqramı “Kopernik”ə aid olan Sentinel-1, Sentinel-2 və Sentinel-3 peykləri tərəfindən 6-8 may tarixləri arasında çəkilmiş görüntülər adanın yaxınlığında dəniz səthinin onlarla kvadrat kilometrini örtən neft ləkəsini aşkar edib.
Windward şirkətinin real vaxt rejimində monitorinq məlumatlarına görə, sızma hazırda Xark adasından təxminən 11 kilometr cənub-qərbdə müşahidə edilir. Şirkət mütəxəssisləri çirklənmənin saatda təxminən 2 kilometr sürətlə 150 dərəcəlik trayektoriya üzrə hərəkət etdiyini qeyd ediblər və şimal-qərb küləyinin də bu hərəkəti sürətləndirdiyini vurğulayıblar.
Mövcud meteoroloji proqnozlara və məlumatlara görə, neft sızmasının təxminən 3,6 gün ərzində Qətərin eksklüziv iqtisadi zonasının sularından keçəcəyi gözlənilir. Külək və mövcud şərait bu şəkildə davam edərsə, sızan neftin quruya çata biləcəyi ən yaxın potensial nöqtənin təxminən 13 gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Mirfa bölgəsi olacağı gözlənilir.
Digər tərəfdən, bölgədəki münaqişənin ilkin mərhələlərində ABŞ qüvvələri hərbi əməliyyatlar zamanı Xark adasındakı bəzi hərbi hədəfləri məhv etdiklərini açıqlamışdılar.
Tehran hakimiyyəti isə, İranın saxlama çənlərinin dolması səbəbindən nefti qəsdən dənizə axıtdığı ilə bağlı mediada yayılan məlumatları təkzib edib. Buşehr əyalətindən olan İslam Parlamentinin nümayəndəsi Cəfər Purkabani iddiaların yalan olduğunu deyib.
Pourkabani sözügedən xəbərin qəsdən yayıldığını bildirib: "Bu xəbərlər düşmənlərimiz tərəfindən aparılan psixoloji müharibə kampaniyasının bir hissəsidir".
Pourkabani çirklənmənin mənbəyi ilə bağlı fərqli bir iddia ortaya atıb. Bildirib ki, Xark adası ətrafındakı neft çirklənməsi əslində bir Avropa neft tankerinin neft qalıqlarını və ballast su tullantılarını dənizə axıtması nəticəsində baş verib.
Tahir TAĞIYEV