Rusiyanın Nasist Almaniyası üzərində qələbəsinin 81-ci ildönümü Ukraynadakı müharibənin kölgəsində və həmişəkindən daha "sakit" bir atmosferdə qeyd edilib.
Bu ilki mərasimlərdə bir ilk yaşanıb. Ukraynanın Kursk bölgəsində Rusiya ilə birlikdə döyüşən Şimali Koreya qoşunları Qırmızı Meydanda paradda iştirak ediblər. Ukraynadan potensial dron hücumlarına qarşı meydanda ağır hərbi texnika nümayiş etdirilməsə də, nüvə sualtı qayıqları və raket sistemləri nəhəng ekranlarda rəqəmsal şəkildə nümayiş etdirilib.
Qələbə paradında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni İkinci Dünya Müharibəsinin ekzistensial mübarizəsi ilə müqayisə edib.
"Müqəddəs bayramımızı qeyd edərkən bilirik ki, bu gün rus əsgərləri bütün NATO bloku tərəfindən silahlandırılmış və dəstəklənən "təcavüzkar qüvvə" ilə üz-üzədir. Qalib nəsil bu gün xüsusi hərbi əməliyyatlar missiyalarını yerinə yetirən əsgərlərimizə ilham verir. Sovet xalqı nasizmi məğlub edərək dünyanı xilas etdiyi kimi, bu gün də vətənimizin gələcəyi üçün eyni mətanətlə mübarizə aparırıq. Düşmən hər cür şayiələr yayır, amma rus xarakteri və ruhu bütün bu planları alt-üst edəcək" – deyə Putin çıxışında bildirib.
Bu arada, Şimali Koreya lideri Kim Çen In Putinə ünvanladığı təbrik mesajında iki ölkə arasında 2024-cü ilin dekabr ayında qüvvəyə minən hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə sadiqliyini bir daha vurğulayıb. Mesajında strateji əməkdaşlığı vurğulayan Kim bildirib: "Qardaş Rusiya xalqına bu yolda qələbə arzulayıram. Ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa "ən yüksək prioritet" verməyə davam edəcəyik. Ölkələrimiz arasında bağlanmış müqavilənin öhdəliklərini yerinə yetirməyə sadiq olduğumuzu bir daha təkrarlayıram; Pxenyan administrasiyası həmişə sizin və Rusiya xalqının tərəfindədir. Birlikdə müstəqillik, sülh və rifah dolu yeni bir tarix yazdığımızdan çox məmnunam".
Keçmiş Sovet İttifaqının İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərində qələbəsinin 81-ci ildönümünə həsr olunmuş hərbi parad Su-30, MiQ-29 və Su-25 qırıcı təyyarələrinin Qırmızı Meydan üzərində uçuşu ilə başa çatıb.
Tahir TAĞIYEV