İran ordusu "OCEAN KOI" adlı nəhəng neft tankerinə müdaxilə edərək ələ keçirib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İran dəniz qüvvələri müdaxilə edərək tankeri Hörmüz boğazında dayandırıb və yoxlama üçün gəmiyə miniblər. İran ordusuna istinad edilən açıqlamada iddia edilir ki, "OCEAN KOI" adlı tanker regional şəraitdən sui-istifadə edərək İranın neft ixracına zərər verməyə çalışıb.
İran mediası Barbados bayraqlı "OCEAN KOI" tankerinin ABŞ-ın sanksiya siyahısına salındığını və Vaşinqtonun İranın sanksiyaları aşmaq üçün istifadə etdiyini iddia etdiyi "kölgə donanması"nın bir hissəsi olduğunu iddia edib.
Tankerə müdaxilənin dəqiq yeri və vaxtı barədə ətraflı məlumat verilməsə də, paylaşılan görüntülərdə İran komandoslarının gecə saatlarında sürət qayıqlarından istifadə edərək tankerə yaxınlaşdığı və gəmiyə mindiyi görünür. Görüntülərdə həmçinin İran əsgərlərinin gəmiyə mindikdən sonra gəminin dirəyinə İran bayrağı asdığı görünür.
Açıqlamada bildirilir ki, İran ordusu regional sularda ölkənin maraqlarını və strateji aktivlərini müdafiə etməyə davam edəcək və bu cür pozuntulara "tolerantlıq göstərilməyəcək".
Tahir TAĞIYEV