ABŞ prezidenti Tramp, Amerika ordusunun İranın iki obyektinə hava hücumlarına baxmayaraq, Tehran rejimi ilə danışıqların davam etdiyini bildirib.
İranla razılaşmanın yaxın olub-olmadığı sualına cavab verən Tramp Tehranı razılaşmanı qıza bir zamanda imzalamağa çağırıb: "Bu, hər an baş verə bilər. Bəlkə də yox, amma hər an baş verə bilər. İnanıram ki, onlar bu razılaşmanı məndən çox istəyirlər... Razılaşmanı qısa bir müddətdə imzalasalar yaxşı olar. Bunu etməsələr, çox əziyyət çəkəcəklər".
Tramp İranın Hörmüz boğazından keçən iki ABŞ esminesinə hücum etdiyini, lakin esmineslərin heç birinə ciddi zərər dəymədiyini bildirib: "Onlar bizə atəş açdılar, biz də cavab atəşi açdıq".
ABŞ prezidenti İranla bağlı əsas gözləntilərinin "İranın nüvə silahına sahib olmaması" olduğunu və iranlıların da bunu qəbul etdiklərini, lakin hələ razılaşmanı imzalamadıqlarını iddia edib: "Onlara nüvə silahına sahib olmaq hüququ verməyəcəyik, bunun şansı sıfırdır və onlar da bunu bilirlər və qəbul ediblər. Görək, onlar bunu imzalamağa hazır olacaqlarmı?"
İranın zənginləşdirilmiş uranı təhvil verəcəyinə inandığını bildirən Tramp, məsələ aydınlaşana qədər ehtiyatlı davranacağını deyib.
Tramp həmçinin Hörmüz boğazından ticarət gəmilərinin keçidi ilə bağlı "Azadlıq Əməliyyatı"nı niyə bazar ertəsi günü başladıb, 36 saat sonra dayandırmasının səbəbini də açıqlayıb. O, Pakistanın onlara "danışıqlar davam edərkən belə bir əməliyyatın faydalı olmayacağını" dediyini bildirib: "Marşal (Asim Munir) və Baş nazir (Şabaz Şərif) bizdən bunu etməməyimizi istədilər. Lazım gələrsə, biz bunu yenidən başladacağıq. Lakin onlar danışıqlar zamanı bizdən bunu etməməyimizi istədilər".
Tahir TAĞIYEV