ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ağ Evin İran barədə "iqtisadiyyatı çöküb, raketləri bitib" açıqlamalarının tam əksini iddia edən hesabat hazırlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin təhlilinə görə, İran ABŞ-ın dəniz blokadasına ən azı dörd ay davam gətirmək gücünə malikdir və üstəlik raket buraxılış məntəqələrinin 75 faizini qorumağı bacarıb.
"Washington Post" qəzetinin yazdığına görə, prezident Trampın "İranın hərbi gücü tükənmək üzrədir" açıqlamasının əksinə olaraq, Tehran rejimi ağır iqtisadi təzyiq və dəniz blokadası altında belə, ən azı 3-4 ay müqavimət göstərmək gücünə malikdir. Xəbərdə ABŞ hökumətinə təqdim edilən təhlillə tanış olan dörd nəfərə istinadən bildirilir ki, bu tapıntı Trampın müharibəni bitirmək məsələsində nikbinliyi ilə bağlı yeni suallar doğurur.
MKİ-nin təhlili göstərir ki, Tehran rejimi ABŞ və İsrailin bombardmanlarına baxmayaraq, ballistik raket imkanlarını hələdə qoruyub saxlayır. Bir ABŞ rəsmisinə istinadən bildirilir ki, İran hələ də mobil buraxılış platformalarının təxminən 75 faizini və raket ehtiyatlarının təxminən 70 faizinə əlində saxlayır. Rəsmi şəxsin sözlərinə görə, İran yeraltı anbarlarının "demək olar ki, hamısını" bərpa edib və zədələnmiş raketlərin də bəzilərini təmir edə bilib.
Qeyd edəkki, Tramp Ağ Evdə İranla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, raketlərinin əksəriyyəti məhv edilib, ehtimal ki, 18 və ya 19 faizi qalıb, amma bu, əvvəlki ilə müqayisədə çox azdır. Bundan başqa, Hörmüz boğazındakı blokadanı "polad divar" adlandıran Tramp bir gün əvvəl İran iqtisadiyyatının "çökmə" əlamətləri göstərdiyini, valyutasının "dəyərsiz" olduğunu və əsgərlərinin maaşlarını "ödəyə bilmədiyini" iddia etmişdi.
Tahir TAĞIYEV