ABŞ prezidenti Donald Trampın Hörmüz boğazındakı gəmiləri dəstəkləməyi hədəfləyən "Azadlıq layihəsi"ni qəfil dayandırmasının arxasında Səudiyyə Ərəbistanı ilə yaşanan baza və hava məkanı mübahisəsi olduğu iddia edilir.
NBC-yə danışan iki amerikalı rəsminin sözlərinə görə, Tramp administrasiyasının Hörmüz boğazında dəniz nəqliyyatını qorumaq planı Səudiyyə Ərəbistanının dəstəyini geri çəkməsindən sonra 36 saat ərzində dayandırılıb. İddialara görə, Ər-Riyad ABŞ ordusunun bazalarından və hava məkanından istifadəsinə icazə verməyib.
Rəsmilərin sözlərinə görə, Tramp "Azadlıq Layihəsi"ni sosial media vasitəsilə elan edərək Körfəz ölkələrini hazırlıqsız yaxalayıb. Məlumata görə, bu vəziyyət Səudiyyə Ərəbistanı hökumətində xüsusi narahatlığa səbəb olub. İddialara görə, Ər-Riyad ABŞ-ın Şahzadə Sultan hava bazasından istifadə etməsinə və ya hərbi uçuşlar üçün Səudiyyə hava məkanından istifadə edilməsinə icazə verməyəcəyini bildirib.
Bildirilib ki, Trampla Səudiyyə vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən görüş də nəticəsiz bitib və böhran aradan qaldırılmayıb. Nəticədə, Tramp ABŞ ordusunun bölgədəki vacib hava məkanına çıxışını itirməsinin qarşısını almaq üçün layihəni dayandırıb.
Qeyd olunur ki, Qətər və Oman kimi digər Körfəz ölkələri də əməliyyat barədə əvvəlcədən kifayət qədər məlumatlandırılmayıb.
Bu arada, Səudiyyə mənbələri Vaşinqtonla əlaqələrin davam etdiyini və İranla ABŞ arasında diplomatik həll yolu tapmaq səylərini dəstəklədiklərini bildiriblər.
Tramp isə "Azadlıq layihəsi"ni dayandırmasının səbəbini yaxın günlərdə İranla mümkün yekun razılaşmanın əldə olunmasının mümkünlüyü ilə izah edib.
Tahir TAĞIYEV