ABŞ Oman körfəzində İrana qarşı blokadanı pozmağa çalışan İran bayrağı altında üzən neft tankerini vurub. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X media platformasında yaydığı açıqlamada bildirib ki, "İran bayrağı altında üzən boş neft tankerinin İran limanına doğru üzməyə cəhd göstərməsinin" qarşısını almaq üçün blokada tədbirləri həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığı qüvvələri "M/T Hasna" gəmisini Oman körfəzindəki bir İran limanına gedərkən beynəlxalq sularda nəzarət altına alıb. Bildirilir ki, müdaxilədən əvvəl ABŞ qüvvələri İran bayrağı altında üzən gəmiyə "blokadanı pozduğu" barədə çoxsaylı xəbərdarlıqlar edib, lakin gəmi heyəti bu xəbərdarlıqlara məhəl qoymayıb. Bundan sonra ABŞ qüvvələri gəmiyə müdaxiləyə başlayıb. Qeyd olunur ki, “USS Abraham Lincoln” (CVN-72) gəmisindən qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 Super Hornet qırıcı təyyarəsi atəş açaraq, tankerin sükan sistemini sıradan çıxarlıb.
Açıqlamada həmçinin xatırladılıb ki, ABŞ-ın İran limanlarına girməyə və ya çıxmağa çalışan gəmilərə qarşı tətbiq etdiyi blokada davam edir.
Tahir TAĞIYEV