Avropanın ən böyük nüvə obyekti olan Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığındakı radiasiya nəzarəti laboratoriyası vurulub.
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Zaporojye AES-in xarici radiasiya monitorinq sistemləri üçün vacib olan Xarici Radiasiya Nəzarəti Laboratoriyasının dronla vurulduğunu açıqlayıb.
Hücumdan sonra ərazidəki radiasiya səviyyəsi və obyektin ümumi təhlükəsizliyi nəzarətə götürülüb.
Agentlik hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik dəqiq məlumat olmadığını bildirib. Stansiyanın əsas kompleksinin xaricində yerləşən laboratoriyaya dəyən fiziki ziyanın miqyası, Agentliyin mütəxəssislərinin yoxlamasından sonra aydın olacaq.
IAEA baş direktoru Rafael Mariano Qrossi məsələ ilə bağlı verdiyi açıqlamada vəziyyətin ciddiliyini vurğulayıb. Agentliyin bölgədəki komandasının dərhal laboratoriyaya giriş tələb etdiyini deyən Qrossi, nüvə obyektləri və əlaqəli logistika məntəqələri yaxınlığında hər hansı hərbi əməliyyatların qlobal nüvə təhlükəsizliyi riski yaratdığı barədə xəbərdarlıq edib.
Tahir TAĞIYEV