“Kristal Abşeron” MTK - Anar Ələsgərov: “Əvvəllər otaq sayına kommunal xidmət haqqı ödənilirdi, ancaq bu aydan etibarən isə…” Ramil Osmanlı: “Təəssüf ki, idarəedici təşkilatlar, xüsusilə mənzil-tikinti kooperativləri sakinlərin rəyini nəzərə almır, hətta yığılan xidmət haqlarının hara və necə sərf olunması ilə bağlı heç bir hesabat vermək istəmirlər”
Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər kommunal xidmət haqlarının artırılmasından şikayətçidirlər. Qeyd olunan ünvanın sakinləri redaksiyamızla əlaqə saxlayaraq “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda kommunal haqların artırılmasından narazı olduqlarını bildirdilər.
Sakinlər qeyd edirlər ki, əvvəllər mənzilin hər 1 kv.m-nə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb: “Yaşayış kompleksində mənzilləri olanlar "Kristal Abşeron" MTK-nın qiymət artımına etiraz ediblər. Qiymət artımı “Kristal Abşeron”da mənzili olan hər bir ailənin büdcəsinə ciddi təsir göstərir. Təbii ki, qiymət artımı ailələrdə əlavə problemlər yaradır”.
Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu dilə gətirirlər. Sakinlər bildirirlər ki, əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymət 50 manata qaldırılıb.
Məsələni dəqiqləşdirmək üçün “Kristal Abşeron” MTK-la ilə əlaqə saxladıq. MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Kristal Abşeron”un binalarında kommunal xidmət haqqı otaq sayına görə hesablanıb: “Məlumat üçün bildirim ki, 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Ancaq bu aydan etibarən isə sakinlər hər 1 kv.m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.
Qaraj qiymətinin 30 manatdan 50 manata qaldırılmasına gəlincə, A.Ələsgərov bildirdi ki, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunvericiliyə əsasən, kommunal xidmət haqqı barədə qərar mütləq şəkildə sakinlərin ümumi yığıncağında qəbul olunmalıdır: “Təəssüf ki, idarəedici təşkilatlar, xüsusilə mənzil-tikinti kooperativləri sakinlərin rəyini nəzərə almır, hətta yığılan xidmət haqlarının hara və necə sərf olunması ilə bağlı heç bir hesabat vermək istəmirlər. Bu da, nəticə etibarilə, narazılıqların yaranmasına səbəb olur”.
Həmsöhbətimiz hesab edir ki, sakinlər bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlara məlumat verməlidirlər. Sakinlər istəsələr, birgə yığıncaq çağırıb yeni idarəedici təşkilat yarada bilərlər.
Günel CƏLİLOVA