Azərbaycanın prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.
Bu ilin 4-5 aprel tarixlərində Norveç Krallığının Oslo şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib.Tədbirdə ölkəmizi Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və təşkilatın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkəmizdə həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin qətiyyətli korrupsiyaya qarşı mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunmalıdır ki, iclasda çıxış edən qurumun İcraiyyə Komitəsi və Katibliyinin rəhbərl şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamaqla, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
İclasda İcraiyyə Komitəsinin növbəti 48-ci iclasının və Assosiasiyanın 24-cü İllik Konfransının 2019-cu ilin sentyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçirilməsi qərara alınıb.
Baki-xeber.com