Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb.
Belə ki, aprelin 7-də saat 21:25 radələrində Su Nəqliyyatında Polis İdarəsinə zəng edən Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni müraciətində Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər şəxsi əşyalarının olduğunu deyib. Məlumat İdarə rəisinə məruzə olunub və Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası qısa zamanda tapılaraq sahibinə qaytarılıb. Xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdiyi köməyə görə Azərbaycan polisinə təşəkkür edib.