“Bu o deməkdir ki, istənilən vətəndaş Azərbaycan dövlətinin Cənub Qaz Dəhlizi kimi iri layihədən əldə edilən gəlirlərini məhz vətəndaşların rifah halının yüksəldilməsinə xərclədiyini hiss edəcək”
Bir sıra beynəlxalq əhəmiyyətli neft-qaz layihələrinin realllaşdırıldığı Azərbaycan dövləti bu gün Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdə yaxından iştirak edir. Bu layihələrdən əldə edilən gəlir isə ölkə iqtisadiyyatının, hərb sənayesinin, səhiyyənin, mədəniyyətin, sosial həyatın inkişafına yönəlib. Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında çıxış edərkən bildirib ki, Cənub Qaz Dəhlizinin gəlirləri ilk növbədə əhalinin sosial problemlərinin həllinə yönəldiləcək:”Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə. “Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir”-deyə Azərbaycan Prezidenti bildirib.
Əməkdar jurnalist Azər Həsrət baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, Azərbaycanda həyata keçirilən böyük layihələrin hamısı birmənalı şəkildə Azərbaycan xalqının rifah halının yüksəldilməsinə hesablanıb. “Ümumi götürdükdə, ölkədə həyata keçirilən istər iqtisadi islahatlar, istərsə də digər sahələrdə atılan hər bir addımın əsas hədəfi Azərbaycanın bir dövlət kimi gücləndirilməsi, eyni zamanda hər bir vətəndaşımızın maddi, sosial rifah halının gücləndirilməsidir. Yəni bu baxımdan, Prezidentin Cənub Qaz Dəhlizindən gələn gəlirlərin birbaşa əhalinin sosial ehtiyacların ödənilməsinə xərclənəcəyi ilə bağlı səsləndirdiyi fikir bir daha onu göstərir ki, Azərbaycan Prezidenti həqiqətən də ən ucqar bir kənddə yaşayan sadə bir insana qədər hər bir vətəndaşımızın mənafeyini, maraqlarını düşünür. Prezident İlham Əliyev həmişə öz davranışlarında, çıxışlarında qeyd edib və əməlində də göstərib ki, əsas məqsədi heç bir vətəndaşın diqqətdən kənarda qalmamasıdır. Bu gün Azərbaycanda elə bir vətəndaş, insan ola bilməz ki, şəxsən cənab Prezidentin diqqətindən kənarda qalmış olsun. Düşünürəm ki, Cənub Qaz Dəhlizindən gələn gəlirlərin ilk növbədə əhalinin sosial problemlərinin həllinə yönəldilməsi ilə bağlı deyilən fikir də o qəbildəndir. Əlbəttə ki, bu vaxta qədər vətəndaşların sosial problemlərinin həlli üçün dövlət səfərbər olunub, mümkün olan hər şeyi edib, bundan sonra da daha artıq işlərin görüləcəyi barədə danışa bilərik”-deyə A.Həsrət bildirdi.
Son zamanlar dövlət başçısı tərəfindən sosial problemlərin həlli istiqamətində böyük addımlar atıldığını deyən A.Həsrətin qeyd etdiyinə görə, bütün bunlar çox müsbət perspektiv vəd edir:“Bu addımlar əvvəllər mövcud resurslar çərçivəsində həyata keçirilirdi. Ancaq indi bu istiqamətə əlavə resursların da cəlb edilməsi deməkdir. Bu o deməkdir ki, istənilən vətəndaş Azərbaycan dövlətinin Cənub Qaz Dəhlizi kimi iri layihədən əldə edilən gəlirlərini məhz vətəndaşların rifah halının yüksəldilməsinə xərclədiyini hiss edəcək”.
İradə SARIYEVA