AMEA-nın Tarix İnstitutunda “Azsaylı xalqların tarixi” adlı yeni şöbə yaradılıb
Son aylar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində həyata keçirilən struktur dəyişiklikləri artıq AMEA-nın müvafiq elmi-tədqiqat institutlarında da başlayıb. Bir sıra institutlarda struktur dəyişiklikləri nəticəsində bəzi şöbələr ləğv edilib və onların əvəzinə yeni şöbələr yaradılıb.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda da struktur dəyişikliyinə start verilib. Tarix İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, struktur dəyişikliyi nəticəsində 1 yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi baş verib. İnstitutun Elmi Şurasının qərarına əsasən, institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.
Tarix İnstitutunda həyata keçirilən struktur islahatları zamanı institutda ixtisarlar gözlənilirmi? Struktur islahatları nəticəsində burada hansı dəyişikliklər nəzərdə tutulur?
Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov “Bakı-Xəbər”ə bildirdi ki, bu institutda struktur islahatlarının həyata keçirilməsi institutun fəaliyyətinin müasir tələblərə çatdırılması ilə bağlıdır. “İnstitutda müasir dövrün tələblərinə uyğun olaraq bəzi məsələlər müzakirə edilib qəbul ediləcək”-deyə bildirən C.Bəhramov institutda heç bir ixtisarın aparılmadığını da qeyd etdi. “Yox, Tarix İnstitutunda heç bir ixtisar aparılmır”. C.Bəhramovun sözlərinə görə, ümumiyyətlə, bu məsələ barədə heç bir müzakirə aparılmır.
İradə SARIYEVA