Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 14 saylı Vəkil Bürosunun rəhbəri Telman Qasımov bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman ölkədə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına səbəb olacaq, paralel olaraq bu sahədə islahatların dərinləşdirilməsinə şərait yaradacaq.
Nəticə etibarilə isə ölkədə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasını təmin edəcək. Onun sözlərinə görə, Fərmana əsasən Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq: "Sənəddə qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır. Fərmanda eyni zamanda, qeyd olunur ki, "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".
Vəkil əlavə edib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsinə dair tədbirlər də əksini tapıb: "Sənəddə birbaşa göstərilir ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Bütün bunlar deməyə əsas verir ki, Fərmanda əkisini tapan məsələlərin reallaşdırılması nəticəsində vətəndaşların məhkəməyə müraciət imkanları daha da genişləndiriləcək, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılacaq, məhkəmə qərarları tam və vaxtında icra ediləcək, süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq. Bununla da cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması təmin ediləcək".
T.Qasımov qeyd edib ki, müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilib, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb. Dövlət başçısı tərəfindən imzalanan Fərmanda da dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin bilavasitə Vəkillər Kollegiyasına köçürülmsəi ilə bağlı müvafiq normativ-hüquqi aktın hazırlanması ilə bağlı tapşırıq var. Şübhəsiz ki, bu Fərman Azərbaycanda vəkillik institutunun da səmərəliliyinin artırılması, vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin edəcək.
Namiq QULİYEV