Əli İsaoğlu: “… məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”
Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” əhatəli Fərman imzalayıb. Fərmanda məhkəmə sistemində islahatların aparılması və bu sahədə yaşanan bəzi problemlərin həll olunması qeyd olunub.
Fərmanda diqqətçəkən məqamlardan biri də məhkəmə qərarlarının mütləq dərc olunması ilə bağlı məsələyə yer verilməsidir. Məlumat üçün bildirək ki, ötən ilin sonlarında məlum məsələ ilə bağlı sərəncam verilmişdi. Təəssüf ki, hələ də məhkəmə sistemi buna əməl etmir, amma indi bu məqam mütləqləşdirilir.
Məhkəmə qərarlarının elektron qaydada dərc olunmasının əhəmiyyəti barəsində danışan hüquqşünas Əli İsaoğlu qeyd etdi ki, dövlət başçısı tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” verilmiş Fərman və onun məzmunu ölkəmizdə heç bir sahənin bu qədər dəyişikliyə və yeniliyə məruz qalmadığını deməyə tam əsas verir: “Fərmanın məzmunundan da göründüyü kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda ölkəmizin məhkəmə-hüquq sisteminin inkişafına lazımi təminat verən ən həssas və əhəmiyyətli məsələlərə toxunularaq, onların müvafiq istiqamətdə dəyişikliyə məruz qalması üçün xəritə cızılır. Burada məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiyamızda və qanunlarımızda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət olunması, cəza siyasətinin humanistləşdirilməsi və bəzi cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmaqdadır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Fərmanda əks olunan məqamlardan biri də məhkəmə qərarlarının mütləq elektron qaydada dərc olunmasıdır. Vəkilin sözlərinə görə, çox böyük sürətlə elektronlaşan dünyanın bir parçası olan ölkəmizdə artıq uzun müddətdir reallaşdırılmasına başlanan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar proses yekunlaşdırılıb. Bu sahədə görülən və görüləcək işlər onu deməyə əsas verir ki, ölkəmizdə məhkəmə hakimiyyəti həm forma, həm də məzmun baxımından təkmilləşdiriləcək. Məhkəmə qərarları ilə bağlı hər hansı bir sorğu verilmədən həmin məlumatı elektron bazadan götürmək olar”.
Günel CƏLİLOVA