Aprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Sonra Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.
Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etmələrindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə İctimai Şuranın üzvləri Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov, İmdad Əlizadə çıxış edib.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.