Vüqar Bayramov: “Sahibkarlara dəstək olmaq üçün Sahibkarlar Birliyi və ya Assosiasiyası bu məsələdə aktiv olmalı və bunun mexanizmini tərtib etməlidir”
Ötən ayın sonlarında "Diqlas" ticarət mərkəzində yanğın baş verdikdə ətrafdakı bitişik tikililər də yanıb. Yanğın nəticəsində “Diqlas” ticarət mərkəzində ticarətlə məşğul olan sahibkarların əksəriyyətinin malları yanaraq kül olub. Sahibkarlar üzləşdiyi maddi çətinlikdən qurtulmaq üçün dövlət rəhbərliyinə müraciət etdilər. Sevindirici haldır ki, dövlət zərərlə üzləşən sahibkarlara dəstək oldu. Onların maliyyə sıxıntısının həll olunması üçün güzəştli şərtlərlə kreditin verilməsi də təklif olunur.
Onu da bildirək ki, “Diqlas” ticarət mərkəzində malları yanan ticarətçilərə fərdi sahibkarlıqla məşğul olanlar, xeyriyyə təşkilatları, ayrı-ayrı dövlət idarələri dəstək olmadılar. Halbuki, əksər xarici ölkələrdə müxtəlif səbəblərdən zərərlə üzləşən sahibkarlara “Sahibkarlar Assosiasiyası” dəstək olur. Ancaq ötən ay “Diqlas” ticarət mərkəzində baş verən hadisə ilə bağlı nə sahibkarlar, nə də “Sahibkarlar Assosiasiyası” heç bir reaksiya vermədi. Belə ki, sahibkarlar öz həmkarlarının faciəsinə biganə yanaşdılar.
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq təcrübəyə əsasən, Sahibkarlar Assosiasiyası zərərlə üzləşən sahibkarlara həm maddi, həm də mənəvi dəstək olur. İnkişaf etmiş ölkələrdə sahibkarların əmlakı və malları sığortalanır. Hər hansı bir faciə hadisəsi baş verən zaman sığorta şirkəti vəsaitlərin ödənilməsini həyata keçirir: “Sığorta ilə yanaşı, Sahibkarlar Assosiasiyası da sahibkarlara dəstək olur. Təəssüf ki, Azərbaycanın Sahibkarlıq Assosiasiyası yalnız texniki layihələr həyata keçirir. Belə bir məqamda Sahibkarlar Assosiasiyası malları yanan sahibkarlara dəstək ola bilər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, “Diqlas” ticarət mərkəzində malları yanaraq kül olan sahibkarlara dövlət tərəfindən dəstək göstərildi: “Ancaq xarici ölkələrdə müxtəlif səbəblərdən zərərə uğrayan sahibkara dövlət deyil, Sahibkarlar Assosiasiyası və sığorta şirkəti dəstək olur”.
İqtisadçı təklif edir ki, gələcəkdə hər hansı bir xoşagəlməz hadisə baş verərsə, sahibkarlara dəstək olmaq üçün Sahibkarlar Birliyi və ya Assosiasiyası bu məsələdə aktiv olmalı və bunun mexanizmini tərtib etməlidir.
Günel CƏLİLOVA