Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib. Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından “Bakı-Xəbər”ə verilən məlumata görə, yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı dinlənib.
Məruzə ilə çıxış edən birliyin və ittifaqın sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov İttifaqın illik fəaliyyəti barədə məlumat verib.
Tədbirdə, həmçinin, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosasiyasının) illik hesabatı dinlənib, məruzəçi – birliyin sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ötən dövr ərzində Assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Yığıncaqda Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Əsəd Mirzəliyev və İnzibati-iqtisadi kollegiyasının hakimi Xəqani Məmmədov “Məhkəmələr tərəfindən qətimkan tədbirlərinin tətbiqi təcrübəsi və qətimkan tədbirinin əsaslarının mövcudluğunun araşdırılması xüsusiyyətləri”, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il fərmanından irəli gələn məsələlər barədə (kredit borcları ilə bağlı hazırda məhkəmələrdə olan iddiaların hüquqi taleyi barədə) və “İnzibati mübahisələrə baxılmasının xarakterik xüsusiyyətləri” mövzusunda çıxış edib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb, son il ərzində xarici ölkələrdə xidməti ezamiyyətdə olmuş hakimlər öz təəssüratlarını bölüşüb, qabaqcıl dünya təcrübəsi və məhkəmə fəaliyyəti sahəsində yeniliklər barədə həmkarlarına məlumat veriblər.
Sonda təşkilati məsələlərə baxılıb, hər iki birliyə yeni üzvlər qəbul edilib.
Baki-xeber.com