Şəmsəddin Əliyev: “Belə hallara bir daha yol veriləcəksə, o zaman sözügedən saytların bağlanması, bloklanması və…”
Məlum olduğu kimi, martın 31-də sosial şəbəkələrdə üç gənc qadının çılpaq vəziyyətdə rəqs etməsini əks etdirən görüntülər yayılıb. O cümlədən, bəzi internet saytları bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntünü yayıb. Sözügedən görüntülər cəmiyyətdə böyük rezonansa səbəb olub. Eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən narazılıqla qarşılanıb.
Sözügedən məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görüb. DİN-in keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində, Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub. Orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Görünən odur ki, sözügedən məsələdə DİN üzərinə düşən işi görüb. Yəni bu əxlaqsız hərəkətə yol verənlər məsuliyyətə cəlb ediliblər.
Ancaq məsələnin digər tərəfi də var. O da ondan ibarətdir ki, bəzi internet saytları məsələnin əxlaqi tərəfini nəzərə almayaraq görüntüləri necə var elə də tirajlayıblar. Aypi toplamaq xatirinə sözügedən görüntülərin geniş formada yayılması cəmiyyətin, xüsusən də gənclərin əxlaqına, mənəviyyatına, tərbiyəsinə mənfi təsir göstərir, bir sıra xoşagəlməz fəsadların yaranmasına zəmin yaradır. Təəccüb doğuran məqamlardan biri də odur ki, az-çox tanınan bəzi saytlar belə, sözügedən görüntüləri yayıblar.
O baxımdan maraqlıdır, sözügedən görüntüləri yayan internet saytları ilə bağlı Mətbuat Şurasında müzakirələr aparılacaqmı? Həmin saytlarla bağlı hər hansı tədbirlər görüləcəkmi?
Sözügedən məsələyə aydınlıq gətirən Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev bunu istisna etmədi. Onun fikrincə, bununla bağlı müzakirələr olacaq: “Əvvəla sözügedən görüntülərin yayılması cəmiyyətdə birmənalı qarşılanmadı. Sağlam düşüncəli insanları bu, haqlı olaraq hiddətləndirdi. Əslində yaşananlar ictimai mənəviyyat əleyhinə olan bir addımdır. Təbii ki, hər bir Azərbaycan vətəndaşı ictimai mənəviyyatı pozan bu cür görüntülərin çəkilməsinin, yayılmasının əleyhinə olmalıdır. Çünki mənəviyyat, əxlaq, ədəb, bütün bunların hamısı Azərbaycanın milli ideologiyasının ana xəttini təşkil edir. O üzdən, Mətbuat Şurası bu kimi məsələlərə həssas yanaşır. Qurum hesab edir ki, KİV obyektivliyi özünün peşəkarlıq meyarı kimi qəbul etməlidir. Düşünürəm ki, bu məsələdə jurnalistlər peşə-davranış qaydalarına əməl etməlidirlər. Bu baxımdan, sözügedən görüntülərin yayılması cəmiyyətin əxlaqına ziddir. Yaxın vaxtlarda Mətbuat Şurasının İdarə Heyətində sözügedən məsələ müzakirə ediləcək. Həmin videogörüntüləri yayan xəbər portalları ictimai qınağa cəlb ediləcək. Çünki belə hallara yol verilməsi xoşagəlməzdir. Biz həmin saytları məzəmmət edəcəyik ki, bu cür xoşagəlməz hallara bir də yol verməsinlər. Belə hallara bir daha yol veriləcəksə, o zaman sözügedən saytların bağlanması, bloklanması və bu işin məhkəmə yolu ilə həlli ilə bağlı müvafiq hüquqi addımlar atılacaq”.
Vidadi ORDAHALLI