Ömrünün 19-cu ilində Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda müqəddəs şəhidlik məqamına yüksələn Telman Bayraməli oğlu İsmayılov haqqında danışmaq istəyirəm.
O, 1974-cü ilin mart ayında əzəmətli Talış dağlarının ətəyində yerləşən, təbiətin bütün gözəlliyini öz hüsnündə yaşadan Lerik rayonunun Buruq kəndində anadan olmuşdu. Od götürməli, qeyrət içməli olan İsmayılovlar ailə ocağında əliaçıqlıq, nəcib arzularla el-obaya bağlılıq, halallıqla çörək qazanmaq kökdən gəlmədir. Belə bir ailədə tərbiyə alan Telman özünü dərk edən gündən haqq-ədalətə tapınmaqla Vətəni, xalqı üçün qurub-yaratmağı həyat amalı seçir. Orta məktəbi bitirib arzu və istəklərin yaşıl qanadlarında xoş sabahlara doğru üz tutur.
Vətən qeyrətini hər şeydən üstün tutan Telmanın 18 yaşı tamam olur. Ordu sıralarına yola düşür. Bir qədər təlim keçəndən sonra 1992-ci il oktyabr ayınının 12-də Ağdam rayonunda gedən ölüm-dirim savaşına atılır. İlk gündən düşmənə qarşı amansızlığı ilə seçilir. Telman olduğu döyüşlərdə həmişə öndə gedir və qorxu bilmədən Vətən torpaqları naminə sinəsini irəli verir. Göstərdiyi böyük hünər və şücaət bütün əsgər dostlarına nümunə olur. Vətən sevgisini ruhunda yaşatmaqla neçə-neçə döyüşdən zəfərlə çıxır.
Telmanın saf, təmiz duyğular yuvası olan qəlbi 1993-cü ilin iyun ayının 19-da namərd gülləsinə tuş gələrək, igidliklə həlak olur. Bu şərəfli ölümlə Azərbaycan daha bir qəhrəman övladını itirir. Beləcə, Telman özü getsə də, vətəninə məhəbbəti, sədaqəti əbədiyyət ulduzuna dönərək yüzlərlə, minlərlə insana həyat eşqi gətirməklə halal sevgidən güc alıb əsl kişi kimi yaşamağın yollarını öyrədir.
Telman cismən aramızdan gedib. Qaldı ki, məhəbbət soraqlı, sədaqət ünvanlı hər günümüzdə onun sorağı var. Yer üzünü azadlığa, səadətə səsləyən hünər nəğməsidir Telmanın adı. Çox qısa ömür yaşadı. Fəqət vətən yolunda şəhid olduğu üçün ömrünün bu 45-ci ilində o yenə də leriklilərin gözündə əbədi qəhrəmandır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü